Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

9-cu beynəlxalq "Baku Open" karate turniri başa çatıb

A+ a-
01 Oktyabr 2018 16:31

     28-30 sentyabr tarixlərində Bakı İdman Sarayında Azərbaycan Milli Karate Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 9-cu “Baku Open” beynəlxalq karate turniri keçirilib.

     Ənənəvi yarışın təntənəli açılış mərasimində federasiyanın prezidenti Yaşar Bəşirov çıxış edərək Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən idmanın karate növünə göstərdiyi diqqət və qayğıdan, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışıb.

     Millət vəkili, Milli məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov çıxışında ölkəmizdə bu cür mötəbər yarışların keçirilməsinin Azərbaycanın idman ölkəsi olmasına bariz nümunə olduğunu diqqətə çatdırıblar. 

     Keçmiş Sovetlər birliyinin karate veteranları, rusiyalı fəxri qonaqlar Aleksey Şturmin, Viktor Xan və Veniamin Pak çıxışlarında xatirələrini bölüşərək, yaxın keçmiş və müasir Azərbaycan karatesinin şərəfinə xoş sözlər deyiblər. 

     Sonra turnirin fəxri qonaqlarına diplomlar təqdim edilib. Tədbir karateçilərin nümunəvi çıxışları və bədii hissə ilə başa çatıb. 

     3 gün davam edən yarışda 12 ölkədən 850-dək müxtəlif yaşlı idmançı iştirak edib. Turnirdən bir gün əvvəl, 27 sentyabrda isə dünya şöhrətli karateçimiz Rafael Ağayevin rəhbərliyi ilə uşaq və yeniyetmə idmançılar üçün seminar təşkil edilib. 

     2019-cu ildə ənənəvi "Baku Open" beynəlxalq karate turnirinin 10 illik yubileyinin daha səviyyəli və geniş şəkildə təşkil edilməsi nəzərdə tutulub.