Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Avropa oyunlarının rəsmi veb səhifəsində karate ilə bağlı məqalə dərc olunub

A+ a-
19 Dekabr 2014 20:36

     Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş ofisində karate idman növü üzrə nümayiş keçirildi. Tədbirdə rəsmi qonaq qismində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, qurumun 1-ci vitse prezidenti İlham Qasımzadə, baş katibi Cabbar Seyidov, Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva, bir sıra beynəlxalq dərəcəli hakimlər, o cümlədən Yusif Məmmədov, Nərgiz Mehdiyeva, Anar Allahverdiyev, Şahin Xudaverdiyev və milli hakim Cavid Rəfiyev iştirak etdilər. Karate üzrə Azərbaycanın qabaqcıl idmançılarından olan Avropa və dünya çempionu Ayxan Mamayev (84 kq), Avropa çempionu Niyazi Əliyev (67 kq) və Avropa çempionatlarında medal qazanmış Tural Balcanlı tatami üzərində öz bacarıqlarını nümayiş etdirdilər.

     Tədbirə maraq olduqca böyük idi. BAOƏK-in yüzlərlə işçisi nümayişi izləmək üçün tədbirin keçirildiyi zala gəlmişdi. Əvvəlcə karate idmanı haqqında ümumi məlumat verildi, sonra isə idmançı və hakimlərin iştirakı ilə izləyicilərə karate qaydaları barədə məlumatlar əyani şəkildə təqdim olundu. Karateçilərin nümayiş etdirdikləri idman hərəkətləri tamaşaçılarda böyük coşğuya səbəb oldu. İzləyicilər uğurlu hərəkətlərinə görə karateçiləri alqışlayaraq onların həyəcanına ortaq oldular.

     Tədbirdə iştirak edən AMKF-nin 1-ci vitse prezidenti İlham Qasımzadə belə bir nümayişin keçirilməsini yüksək qiymətləndirdi: “Bu tədbirin keçirilməsini yüksək qiymətləndirirəm. Ümumiyyətlə burada iştirak edənlərin əksəriyyətinin karate haqqında ətraflı məlumatı yox idi. Bu barədə məlumat aldılar. Azərbaycan və dünyada karatenin tarixi, Azərbaycanın dünya karate tarixinə verdiyi töhfələr, Azərbaycan karatesinin ulduzları haqqında onların məlumatı oldu.”

     Vitse prezident İlham Qasımzadə karatenin Avropa Oyunlarına daxil edilməsindən də danışdı: “Avropa Oyunlarının karateyə təsiri odur ki, bu Oyunlar karatenin gələcəkdə Olimpiya Oyunlarında təmsil olunmasına rəvac verəcək. Karatenin Olimpiya Oyunlarına daxil edilməsi o deməkdir ki, artıq digər idman növləri kimi karate də dünyada məşhur olacaq və rəğbət qazanacaq.”

     Beynəlxalq dərəcəli hakim Yusif Məmmədov karate qaydalarında son illər ərzində bir sıra dəyişikliklərin olduğunu qeyd etdi: “Mən 18 il baş hakim olmuşam. Bu müddət ərzində beş dəfədir ki, qaydalar dəyişilir. Avropa Oyunlarında yeni bir neçə qayda tətbiq olunacaq. Bu yeniliklərə misal üçün deyə bilərik ki, artıq məşqçilər hakimlərin qərarları ilə əlaqədar etirazlarına baxılmasını yarış zamanı çəkilən video vasitəsilə təmin edə biləcəklər.”

     İdman nümayişini göstərən karateçilərdən Ayxan Mamayevin sözlərinə görə, o, birinci dəfədir ki, belə bir tədbirdə iştirak edirdi: “İndiyədək belə bir nümayişdə iştirak etməmişdim. Burada başqa cür ab-hava vardı. Hiss olunurdu ki, tamaşaçılar üçün də çox maraqlıydı. Baxırdılar və diqqətlə izləyirdilər. Çox gözəl bir hissdir.”

     Tamaşaçı qismində yer alan, BAOƏK-in güləş idman növü üzrə mütəxəssisi Hüsaməddin Rəcəbov nümayişin hamı üçün faydalı keçdiyini dedi: “Çox yaxşı qiymətləndirirəm. Bu sadəcə idman şöbəsində işləyənlər üçün deyil, bütün bölmələrdə çalışanlar üçün önəmlidir. Çünki əksər işçilər idman haqqında xırdalıqlara qədər bilikli deyillər. Məhz belə təqdimatdan sonra hər bir idmanın incəlikləri ilə tanış olurlar və məlumatlanırlar. Bir çox yeni məlumat əldə etdim, xüsusən də xalların hesablanması ilə bağlı məlumatlara yiyələndim. Hakimlər yarışı necə idarə edirlər, onun qaydaları ilə tanış oldum. Çox yaxşı keçdi.”

     BAOƏK-də Layihə Logistikası üzrə menecer vəzifəsini icra edən Lindsey Dankın nümayişdən razı qaldığını bildirdi: “Mən olduqca razı qaldım. Çox maraqlı idi və çox məlumat əldə elədim ki, əvvəlcədən bunlar haqqında heç bir məlumatım yox idi. Eyni zamanda əyləncəli idi. Belə nümayişlərin burada keçirilməsi çox gözəl bir işdir. Müxtəlif şöbələrdən işçilər aşağı düşərək bu nümayişi izləməyə gəldilər və Oyunlar zamanı yarışacaq idmançıları burada yaxından görmək fürsəti qazandılar.”

     Karate üzrə bu tədbiri hazırlayan komandaya rəhbərlik edən və BAOƏK-də karate üzrə menecer vəzifəsini icra edən Dimitri Çiqenev nümayişin olduqca yaxşı keçdiyindən danışdı: “Nümayiş göstərən idmançılar əllərindən gələni etdilər, mükəmməl nümayiş göstərdilər. Belə tədbirlərin keçirilməsi çox vacibdir. Əsas məqsəd odur ki, biz burada işçilərimizə yarışlarda yer alacaq idman növlərini tanıdırıq. Bu da idmanı onlara təqdim etmək baxımından çox böyük fürsətdir”. Təqdimatda menecer Dimitri Çiqenevlə yanaşı, BAOƏK-in karate üzrə mütəxəssisi Aytən Zeynalova da iştirak etdi.

     Qeyd edək ki, karate, Bakı 2015 Avropa Oyunlarına daxil olan qeyri-olimpiya idman növlərindəndir. Bu idman növü üzrə 12 medal uğrunda keçiriləcək yarışlar 2015-ci ilin 13-14 iyun tarixlərində Bakı Kristal Zalında baş tutacaq. Yarışlarda 48 kişi və 48 qadın idmançı olmaqla, ümumilikdə, 96 idmançı mübarizə aparacaq.

     P.S.Məqaləni rəsmi linkdən izləyə bilərsiniz.