Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər Avropa çempionatına yollanır

A+ a-
22 May 2022 20:59

     Azərbaycan karateçiləri Türkiyənin Qaziantep şəhərində böyüklərin Avropa çempionatına yollanır. Qitə çempionatının medalları uğrunda 22 karateçimiz mübarizə aparacaq. Onlardan 11 nəfəri fərdi kumite və kata yarışlarına, 6 idmançı komanda çıxışlarına, 5 nəfər isə Para-Karate üzrə Avropa çempionatına qatılacaq. 

 

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə Vitse-prezident Rəhman Hətəmovdan əlavə baş məşqçilər və böyük məşçiqlər, həmçinin beynəlxalq hakimlər və inzibati-texniki heyət yer alıb. Kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov fərdi yarışlarda Əminağa Quliyevi (-60 kq), Tural Ağalarzadəni (-67 kq), Rafael Ağayevi (-75 kq), Turqut Həsənovu (-84 kq) və Asiman Qurbanlını (84+ kq), komanda çıxışlarında isə Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət gücləndirilmiş heyəti müşayiət edəcək.  

 

     Kumite üzrə qadınların baş məşqçisi Denis Morozov İnci Əzizovanın (-50 kq), Mədiə Sadiqovanın (-55 kq), Ayla Rzazadənin (-61 kq), İrina Zaretskanın (-68 kq) və Fəridə Əliyevanın (68+ kq) çıxış etmələrinə üstünıük verib. Kata üzrə baş məşqçi Vahid Ayvazov isə fərdi yarışlarda Roman Heydərova, komanda çempionatında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyəti tatamiyə çıxaracaq. 

 

     Para-karate üzrə milli komandanın baş məşqçisi Rənad Əliyev Sahib Əhədova, Eldar Əhmədova, Fərrux Qaybaliyevə, Emiliya Mitilinovaya və Nihat Məmmədzadəyə güvənib. Beynəlxalq referilər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev Avropa çempionatının hakimləri arasında olacaq.

 

     Türkiyədə böyüklərin Avropa çempionatında 45 ölkədən 454 karateçi, Para-karateçilərin qitə çempionatında isə 15 ölkədən 48 idmançı mübarizə aparacaq. Yarışdan bir gün əvvəl Avropa Karate Federasiyasının (EKF) növbəti Konqresi keçiriləcək. EKF-in İcraiyyə komitəsinin üzvü Yaşar Bəşirov və Azərbaycan nümayəndə heyəti mötəbər tədbirdə iştirak edəcək. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov.