Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və gənc karateçilər Avropa çempionatından 7 medalla dönürlər

A+ a-
22 Avqust 2021 22:31

     Yeniyetmə və Gənclərdən ibarət karate üzrə Azərbaycan milli komandası Finlandiyanın Tampere şəhərində növbəti Avropa çempionatından yenə də zəfər qazandı. Qazanılan 7 medaldan üçü qızıl, biri gümüş, üçü isə bürüncdür.

     Yarışın son günü 3 medala sahib olan idmançılardan 16-17 yaşlı gənclər arasında Avropa çempionu olmuş Əminağa Quliyev (-60 kq) bu uğurunu 18-21 yaşadək gənclər arasında bir daha təkrarladı. Qitə çempionları Rəşid Süleymanov (-63 kq) və Nihad Kərimzadə (+70 kq) 14-15 yaşlı yeniyetmələrin yarışında ilk rəsmi titullarını qazandılar. 16-17 yaşlı gənclər seçmə komandasının üzvü Rumil Cəfərli (-76 kq) finalda haqsızlıqla üzləşdiyindən gümüş medalla kifayətlənməli oldu. Bürünc medalları isə 14-15 yaşlı yeniyetmələrdən Aysu Əliyeva (-47 kq) və 18-21 yaşadək gənclərdən Hüseyn Məmmədli (-67 kq) ilə Mədinə Sadiqova (-55 kq) qazandı. Həmin yaş qrupunda İnci Əzizova (-55 kq) bürünc medal görüşündə qələbəni əldən verdi. 

     Yeniyetmə və gənclər milli komandasının baş məşqçisi Anar Allahverdiyev yarışla bağlı fikirlərində bunları söylədi: "Keçən Avropa çempionatında 4 qızıl medal qazanmışdıq, bu dəfə 4 final keçirdik. Təəssüf ki, Rumil Cəfərliyə qarşı qərəzli mövqe olduğundan ən yüksək əyarlı nəticəmizi təkrarlaya bilmədik. Bu gümüş medal da qızıla çevrilsəydi Azərbaycan ümumi komanda hesabında 45 ölkə arasında 2-ci olacaqdı. Buna baxmayaraq 3-cü yer də yüksək nəticədir. Nəzərə alsaq ki, 10 ölkə yarışı əliboş tərk edib, 7 milli komanda isə 3 yaş dərəcəsində yalnız bir bürünc medala sahib ola bilib, əlavə şərhə ehtiyac yoxdur. Onu da qeyd edim ki, yarışa yollanan gün yeniyetmələrdən 4 idmançımızının Covid testi pozitiv çıxdığından heyətdən kənar qaldı, onlar da medal gözlədyimiz idmançılar idi. Sentyabrda gənclər komandasının MDB Oyunlarında və İstanbulda Gənclər Liqasında iştirak etməsi nəzərdə tutulur. Bakıya dönən kimi bu məsul yarışlara hazırlaşacayıq."

     Yeniyetmə və gənclərin böyük məşqçiləri Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov və Niyazi Əliyev də karateçilərin nəticələrindən məmnundurlar. Tamperenin "İce Arena"sında 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isı 13-cü qitə çempionatında 45 ölkədən 996 idmançı mübarizə apardı. 

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası (EKF) İdarə Heyətinin üzvü Yaşar Bəşirov nəticədən razı qaldığını və daha artıq medallar qazanmaq şanslarının olduğunu dedi. O bildirdi ki, əvvəlki qitə çempionatlarında fərqlənən idmançıların və onlarla birgə medal potensialı olan karateçilərimizin mükafatsız qalması gözlənilməz oldu. 53 ölkədən ibarət Avropa karate ailəsində üçüncü olmağı yüksək dəyərləndirən federasiya rəhbəri gələn ay MDB Oyunlarında gənclərin uğurlu çıxış ilə Azərbaycan idmanına yeni töhfələr verəcəyinə inandığını bildirdi. 

      Tamperedə Avropa çempionatından əvvəl EKF-in Hakimlər komitəsinə imtahan verən hakimlərimizdən Mais Mədətov beynəlxlaq dərəcəsini artırıb, Vüsal İsrafilov və Seymur Məmmədov isə sınaqlardan uğurla çıxaraq Azərbaycanın beynəlxlaq karate hakimlərinin sayını doqquz nəfərə çatdırdılar.  

     EKF Hakimlər komitəsinin üzvü Cahangir Babayev məsul vəzifə ilə yanaşı digər beynəlxlaq hakimlər Şahin Xudaverdiyev və Vüqar Kərimovla birgə yarışı idarə edənlər arasında oldu.   

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Tampere, Finlandiya