Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Rafael Ağayev: Ölkəmizə Avropa, dünya və Olimpiya çempionları bəxş etmək istəyirəm

A+ a-
07 Avqust 2021 17:12

Azərbaycan xalqını təbrik edirəm. Bu gün yer tutmaya da bilərdim. Birinci və ya üçüncü də ola bilərdim.

Bu sözləri “Tokio-2020” Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) söyləyib.

Olimpiya mükafatçısı deyib ki, kimlərisə gözdən salmaq istəmirəm. Bəziləri Tokioya yarışda iştirak üçün gəlir. Mən qızıl medal üçün gəlmişdim. Təəssüflər olsun ki, gümüş mükafat qazandım.

“Finalda hakim haqsızlığı ilə üzləşdim. Bəhanələri sevmirəm. Olan oldu. Bu günə də şükürlər olsun. Bu yolda mənəvi və fiziki cəhətdən kimlər mənə kömək edib və yanımda olubsa, onlara “çox sağ ol” deyirəm. Ölkəmizin Prezidentinə təşəkkür edirəm. Hər zaman idmançılara qayğı göstərib. Federasiyamızın prezidenti Yaşar Bəşirova, şəxsi müəllimim Füzuli Musayevə, yığmanın baş məşqçisi Qurban Tağıyevə və ilk müəllimim Rafael Məmmədova da minnətdaram”, - deyə titullu idmançı əlavə edib.

R.Ağayev BBC nəşri tərəfindən karatenin Maradonası adlandırılmasına da toxunub: “Maradona əfsanədir. Mənə nə desələr də, öz adım var. Adım Rafaeldir və azərbaycanlıyam. Bununla da fəxr edirəm”.

“Olimpiya medalı mənim kolleksiyamda yox idi. Karate ilk dəfə idi ki, Olimpiadanın proqramına salınıb. Otuz ildir ki, mən bunun həsrətində idim. Karate əvvəl proqramda yer alsa idi, bəlkə də Olimpiya çempionu idim. Aldığımız məlumata görə, karate ilk və sonuncu dəfə olimpiadaların proqramında olub. Amma 2028-ci ildə də proqrama salına bilər. Buna isə yaşım imkan verməyəcək. Karyeramı 2025-ci ildə bitirmək, sonra öz məktəbimi açmaq istəyirəm. Karateni hər gün öyrənirsən. Bildiklərimi gənclərə çatdıracağam. Ölkəmizə Avropa, dünya və Olimpiya çempionları bəxş etmək istəyirəm", - deyə R.Ağayev vurğulayıb.

Xatırladaq ki, finalda təmsilçimiz italiyalı Luici Busa ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə R.Ağayev minimal hesabla uduzub. Bununla da karateçimiz Olimpiadada Azərbaycan milli komandasının aktivinə ilk gümüş medalı yazdırıb.

R.Ağayev beşqat dünya, 11 qat Avropa çempionu olmaqla yanaşı, 2013-cü ildə IX Dünya Oyunlarında və Dünya Döyüş Növləri Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Karateçimiz “Bakı-2015” ilk Avropa Oyunlarında, eləcə də 2013-cü ildə İndoneziyada, 2017-ci ildə isə Azərbaycanda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olub. O, 2019-cu ildə Əməkdar idman ustası adına layiq görülüb.