Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Dünya çempionatının heyəti açıqlandı

A+ a-
28 Oktyabr 2014 00:41

     Azərbaycan milli komandası ilin ən məsul yarışı ərəfəsindədir. Karateçilərimizi noyabrın əvvəlində Almaniyanın Bremen şəhərində dünya çempionatı gözləyir. Milli komandanın baş məşqçisi Rəhman Hətəmov, köməkçi məşqçi Rəşad Hüseynov, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov və kata üzrə böyük məşqçi Vahid Ayvazov federasiyanın "Şəfa" İdman Sağlamlıq Mərkəzində idman zallarında son hazırlıqları keçirlər.

     Məşqçilər heyəti Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Rafiz Həsənov (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), həmçinin Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və Fəridə Abiyevadan (-61 kq) ibarət heyətin dünya çempionatında iştirak etməsinə üstünlük verib. Rafael Ağayev (-75 kq) və Asiman Qurbanlı (+84 kq) zədəli olduqlarından yarışa yollana bilməyəcəklər. İdmançılarımız fərdi çıxışlardan başqa komanda kumite yarışlarına da qatılacaqlar. Bu ilin mayında Finlandiyada komanda yarışlarında Avropa çempionu olan Tural Ağalarzadə, Şahin Atamov, Niyazi Əliyev, Ayxan Mamayev və Rafiz Həsənovdan əlavə, bu dəfə heyətə Pənah Abdullayev və Orxan Heydərli də cəlb edilib.

     Beynəlxalq hakimlərimiz də dünya çempionatına böyük heyətlə yollanacaqlar. Hakimlər Komitəsinin sədri Cahangir Babayevdən başqa Yusif Məmmədov, Anar Allahverdiyev, Şahin Xudaverdiyev, Vüqar Kərimov, Rənad Əliyev və Nərgiz Mehdiyeva yarışı idarə edənlər arasında olacaq. Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə geniş tərkibli heyət dünya çempionatına noyabrın 3-də yola düşəcək. Dünya çempionatı 5-9 noyabr tarixlərində keçiriləcək.

     Bu məsul yarışdan bir gün əvvəl, noyabrın 4-də isə Dünya Karate Federasiyasının Konqresi və təşkilatın İcraiyyə Komitəsinə seçkilər keçiriləcək. 16 üzvü olan İcraiyyə Komitəsinə Avropa Karate Federasiyasının 5 nümayəndəsi üzv ola bilər. Bu yerlərə namizədlər arasında olan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov seçkilərdə iştirak edəcək.