Azərbycan karateçiləri 2020-ci ilin avqustunda Rusiyanın Kazan şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ilk idman oyunlarında iştirak edəcəklər. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZERTAG) məlumat yayıb.
Rusiya Federasiyasının İdman nazirliyinin təşəbbüsü ilə bu yarışlar gələn il 20-27 avqust tarixlərində təşkil olunacaq. MDB oyunları Kazanda keçiriləndən sonra ənənəvi olacaq və hər iki ildən bir MDB ölkələrindən birində keçiriləcək.
MDB ölkələri oyunlarında Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan və Ukrayna komandaları iştirak edəcəklər. Bundan əlavə, təşkilat komitəsi başqa ölkələri də oyunlara dəvət edə bilər.
Tatarıstan paytaxtının 11 obyektində idmanın 19 növü üzrə yarışlar keçiriləcək. İdmançılar cüdo, sambo, voleybol, çimərlik həndbolu, mini-futbol, boks, tay boksu, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, armsterlinq, mas-restlinq, idman güləşi, qurşaqtutma (koreş), yüngül atletika və basketbol (3x3) kimi idman növlərində yarışacaqlar. Bundan əlavə, turnir çərçivəsində “MDB forumu – idman ərazisi” işgüzar proqramı işə salınacaq.
Beləliklə Dünya və Avropa çempionatlarından əlavə, İslam Həmrəyliyi oyunları, Avropa və Dünya oyunları kimi nüfuzlu beynəlxalq multiidman yarışlarında Azərbaycanı layiqincə təmsil edən karateçilər, daha bir mötəbər yarışda ölkənin idman şərəfini yüksək tutmaq imkanı əldə ediblər.
MDB oyunlarının formatı ilə bağlı əlavə məlumat veriləcək.
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov