Qadınlardan ibarət milli komandanın lideri İrina Zaretska (-68 kq) İstanbulda Karate1 Seriya A turnirinin finalına yüksəlib.
Dünya reytinq cədvəlinin ikincisi olduğundan yarışa növbəti dövrədən qatılan idmançımız bir-birinin ardınca Luana Debattini (Belçika) 8:0, Çeril Mörfini (USA) 1:0, Kiriaki Kidonakini (Yunanıstan) 4:0, Miroslava Kopunovanı isə (Slovakiya) 1:0 hesabı ilə məğlub edərək, yarımfinalda Someya Kayo (Yaponiya) ilə görüşü xalsız bərabərliklə başa vursa da, hakimlərin qərarı ilə (Hantei) 3:2 hesablı qələbə qazanıb. İ.Zaretskanın bazar günü finalda rəqibi Marina Rakoviç (Monteneqro) olacaq.
Milli komandanın liderlərindən Rafael Ağayev (-75 kq) yarışın son günü döyüşəcək. Onun ilk rəqibi Jakonşox İbroximov (Özbəkistan) olacaq. Komandanın digər üzvü Vüsal Kamallı da eyni çəki dərəcəsində bazar günü tatamiyə çıxacaq.
Seriya A turnirində 102 ölkədən 1813 karateçi iştirak edir.
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. İstanbul, Türkiyə