Avstriyanın Zalsburq şəhərində mötəbər Seriya A karate turnirinin ikinci yarış günü daha bir idmançımız medal qazanmaq şansı əldə edib.
Əvvəlki mərhələlərdə Yaponiya, Avstraliya, Serbiya, Bosniya və Herseqovina və Qazaxıstanlı rəqiblərinə qalib gələn Ayxan Mamayev (-84 kq), yarımfinalda İran idmançısına məğlub olaraq təsəlliverici görüşlər mərhələsinə qatılmalı olub. Bazar günü bürünc medal uğrunda həlledici qarşılaşmada karateçimiz Ukraynalı Valeri Tumakovla mübarizə aparacaq.
Zalsburq Arenada mükafatlar uğrunda görüşlərə qatılan idmançılarımızdan Asiman Qurbanlı (+84 kq) finalda Saleh Abazari (İran) ilə, Firdovsi Fərzəliyev (-60 kq) isə bürünc medala sahib olmaq üçün Kaysar Alpisbayla (Qazaxıstan) qarşılaşacaq.
1-3 mart tarixlərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turnirinin bu mövsüm ilk mərhələsində rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edir.
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Zalsburq, Avstriya.