Sorğunun nəticəi belədir
Ölkə mediası Azərbaycan Karate Federasiyasının Media və İctimaiyyətlə işlər xidmətinin fəaliyyətini yküsək qiymətləndirir.
Bu dəyər tanınmış "Komanda.az" idman informasiya portalının tanınmış əkədaşlarından Emin Tarverdiyevin da 2015-ci idman ili ilə bağlı apardığı sorğunun nəticələrində əks olunub. Mətni təqdim edirik.
2015-ci ilin başa çatmasına sayılı günlər qalıb. Bu il Azərbaycanın idman həyatında bir çox hadisələrlə əlamətdar oldu. Komanda.az olaraq 2015-ci illə bağlı bir sorğu keçirmək qərarına gəldik. Həmkarlarımıza üz tutaraq, onlardan soruşduq:
1. 2015-ci ili idmanımız üçün necə dəyərləndirirsiz?
2. Geridə qalan ildə hansı federasiyanın işini daha qənaətbəxş hesab edirsiz?
3. Hansı federasiyanın mətbuat katibiylə ünsiyyət qurmaq, müsahibə almaq, sorğuların cavablandırılması daha rahatdı?
Mahir Rüstəmli, “Futbol+” qəzeti:
1. Mənə elə gəlir ki, təzadlı il oldu. İlk 6 ayla sonrakı 6 ay bir-birindən kəskin fəqləndi. İlk 6 ayda ölkə idmanı Avropa oyunlarına hazırlaşdısa və orda nəticələr qazandısa, ikinci yarıda bir çox idman növlərində ciddi maliyyə problemləri yaşandı. Otüstü hokkey süqut etdi, cüdoda problemlərin nəticəsi kimi rəhbərlik dəyişdi, basketbolda "Qala" sıradan çıxdı, voleybolda 8 qat ölkə çempionu "Rabitə" dağıldı və s. və i.a. Güləş, boks və taekvondodakı uğurlarla isə öyünməyə dəyər.
2. Güləş Federasiyasının işini qənaətbəxş hesab edirəm.
3. Güləş Federasiyasının mətbuat katibi Mayis Musayev bu mənada həmkarlarından fərqlənir.
İxtiyar Əsgərov, Apasport.az:
1. Fikrimcə, il Azərbaycan idmanı üçün uğurla yadda qaldı. Çünki ölkəmiz Avropa oyunlarına möhtəşəm şəkildə ev sahibliyi edib, tarixə düşdü. İdmançılarımız həmin yarışda komanda hesabında yalnız Rusiyadan geri qalaraq, ikinci oldu. Həmçinin, başa çatmaqda olan ildə taekvondo, boks, ağırlıqqaldırma, güləş və daha bir neçə növdə böyük uğurlar qazandıq. Üstəlik, Rioya 29 lisenziyanın əldə olunması da nailiyyət kimi dəyərləndirilməlidi. Bundan əlavə, “Qarabağ”la “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində oynaması da alqışalayiqdi.
2. Bu siyahını kifayət qədər geniş yazmaq olar. Lakin qısaca olaraq bildirim ki, taekvondo, boks, güləş federasiyaları illərdi zəkilən zəhmətin bəhrəsini görərək, qazanılan mükafatların sayının artırılmasına çalışıbsa, AFFA, Velosiped İdmanı Federasiyası bu növlərin öncüllər sırasına düşməsi üçün əlindən gələni edir. Cüdo Federasiyası da bu idman növünün əvvəlki uğurunun qaytarılması üçün lazımi fəaliyyətə keçib.
3. Yuxarıda adlarını çəkdiyim qurumları fərqləndirərdim. Çünki nailiyyəti olan əsas federasiyalar da məhz bunlardı. Bəzilərindən, konkret Ağırlıqqaldırma Federasiyasından isə ümumiyyətlə məlumat almaq mümkün deyil.
İlkin Vaqifoğlu, Sportinfo.az:
1. Yola salmağa hazırlaşdığımız il heç şübhəsiz, ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsi ilə yadda qalacaq. Bu, böyük hadisədi və əminəm ki, daim xatırlanacaq. Dövlətimiz bu mötəbər yarışın təşkilinə böyük əmək sərf etdi, Azərbaycanın bir idman ölkəsi kimi dünyada tanınması yönündə mühüm və cəsarətli addım atdı. Çəkilən zəhmət hədər getmədi. Azərbaycanın medal sayında Avropa oyunlarını ikinci sırada bitirməsini də xüsusi qeyd edərdim. Böyük nailiyyətdi. Ölkə rəhbərliyi idmanın inkişafı naminə çalışır, qayğı göstərir. Belə dəstək olan yerdə nəticələrin yaxşılaşması təbii və gözləniləndi.
2. Avropa oyunlarında ölkəmizə uğur qazandıran bütün idman növləri üzrə federasiyaların fəaliyyətini müsbət qiymətləndirirəm. Xüsusən gimnastika, boks və güləş federasiyalarının işi göz qabağındadı.
3. Bizim işimiz əsasən futbolla əlaqəlidi. AFFA və PFL-in mətbuat xidmətiylə ünsiyyət qurmaqda problem görmürəm. İstər Mikayıl Nərimanoğlu, istərsə də Aslan Şahgəldiyev öz işinin öhdəsindən layiqincə gəlir. Onlardan ancaq razılıqla danışa bilərəm. Ayrı-seçkilik etmirlər, mətbuata açıq insanlardı. Nəsə bir problem yaranırsa da, bu, onların deyil, bizim günahımızdandı. Ünsiyyətimiz olmayıb, amma Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayevin də öz vəzifəsinin öhdəsindən yaxşı gəldiyini eşitmişəm.
Sahib Əsədbəyli, “Ədalət” qəzeti:
1. 2015-ci il ölkə idmanının ən yaddaqalan səhifəsi olaraq tarixə qovuşdu. Buna ilk səbəb isə şübhəsiz ki, Avropa oyunlarıdı. İlk dəfə təşkil olunan bu turnir olimpiya oyunlarına bərabər təşkilatçılıqla yadda qaldı. İdmançılarımız da öz növbəsində möhtəşəm çıxış sərgilədi. 21-i qızıl olmaqla qazanılan 56 medalı yəqin ki, ən nikbin idman azarkeşləri belə proqnoz etməzdi. Bundan əlavə, ayrı-ayrı növlər üzrə millilərimiz dünya çempionatı da daxil olmaqla bir çox mötəbər turnirlərdə yüksək nəticələr göstərdi. Özü də nəzərə alsaq ki, bu il lisenziya ilidi, hər bir yarış əvvəlkilərə nisbətdə daha gərgin rəqabət vəd edirdi.
2. Bu baxımdan güləş, boks, taekvondo yığmalarını xüsusi qeyd etmək lazımdı. Bakı 2015-də altısı qızıl olmaqla, toplam 16 medal qazanan pəhləvanlarımız dünya çempionatında da göstərdiyi nəticələrlə ən əsası, qazanılan 11 lisenziya ilə ölkə idmanının "ağır artilleriya”sı statusunu bir daha təsdiq etdilər.
Əlcək ustalarımız da qızıl medal sayında güləşçilərimizlə eyni nəticəni göstərərək, Avropa oyunlarına damğasını vurdu. Toplam 11 medal qazanan yığmamız nailiyyətin ardını Qətərdə təşkil olunan mundialda da gətirdi. 4 mükafat və məhdud lisenziyalı olduğunu nəzərə alsaq, qazanılan üç olimpiya vəsiqəsi kifayət qədər uğurlu nəticə hesab olunmalıdı.
Bakı turnirinə 3 qızılla töhfə verən dayanq ustalarımız da hələlik 4 mümkün lisenziyadan birini təmin ediblər. Reza Mehmandustun yetirmələrinin qarşıdakı yarışlarda bunun sayını artıracağı şübhə doğurmur.
Eləcə də qeyri-olimpiya növü olan karatedə ilin əvvəli Avropa çempionatında və Bakı 2015-də göstərdiyimiz nəticələr xüsusi vurğulanmalıdı.
Digər tarixi ilklərin başında iki futbol klubumuzun Avropa Liqasının qrup mərhələsində təmsil olunması gəlir. Yaxın 5 ilədək möcüzə kimi baxdığımız belə bir halın baş verməsi futbolumuzda nəzərəçarpacaq inkişafın olduğunu deməyə əsas verir.
Bütün bunların bir mənfi tərəfi var ki, bu da olimpiadaya lisenziya qazananların az qala 80 faizinin milliləşdirilmiş idmançı olmasıdı. Bu hal bu məsələdə həssas olan əksər insanlar kimi məni də çox qayğılandırır.
Azərbaycanlı ağır atlet Nicat Rəhimovun Qazaxıstan adına dünya çempionu olması isə ilin ən üzücü idman hadisəsi oldu.
3. Əsasən təkmübariz idman növlərində maraqlı olduğum, onlardan yazdığım üçün daha çox məhz bu qəbildən olan federasiyaların mətbuat katibləriylə ünsiyyətdə oluram. Onların da hamısı müraciətlərimə operativ reaksiya verir. Taekvondo, boks, güləş və karate federasiyalarında müvafiq olaraq bu vəzifəni icra edən Samir Məhərrəmov, Elnur Məmmədli, Mayis Musayev və Sənan Məhərrəmov işininin peşəkarlarıdı.
Cüdo Federasiyasının mətbuat katibi Elnur Əşrəfoğlu isə yeni təyin olduğundan, hələlik tanışlığımız qiyabidi. Amma müşahidələrim deməyə əsas verir ki, onun gəlişindən sonra federasiyanın ictimaiyyətlə əlaqələr sahəsində əsl proqress hiss olunur.
Saleh Arslan, Korner.az:
1. 2015-ci ili ötən ildən xüsusi fərqləndirəcək yeganə məqam Avropa oyunlarının Bakıda keçirilməsi oldu. Futbol üzrə avrokubok yarışlarının qrup mərhələsinə ilk dəfə iki klubumuzun yüksəldiyini də uğur saymaq olar, amma sözsüz, bu, o qədər də qlobal uğur deyildi. Başqa əlahiddə qeyd olunacaq uğurumuz olmadı.
2. AFFA-nın mətbuat xidməti işini əvvəlki illərdəki qaydada - normal qurdu. Ancaq xüsusi olaraq Azərbaycan Velosiped İdmanı Federasiyasının işini qeyd etmək lazımdı. Bu federasiyanın press-relizlərini mütəmadi olaraq jurnalistlərə elektron poçtla çatdırması, jurnalistlərin iştirakı ilə yarış keçirməsi təqdirəlayiqdi və mediayla işdə müsbət nüanslardandı.
3. Açığı, futboldan daha çox yazdığımız üçün digər idman növləri üzrə federasiyaların mətbuat katibləriylə sıx kontaktda olmuruq. AFFA "qapısını döydüyümüz" əsas məkandı ki, bu qurumun, xüsusilə də onun tərkibindəki PFL-in mətbuat xidmətinin işi nümunəvidi.
Səxavət Qurbanov, İdmanxeber.com:
1. Geridə qoyduğumuz ili idmanımız adına müsbət dəyərləndirmək olar. Hər halda, Bakı-2015 Avropa olimpiya oyunlarında qazanılan medallar, Avropa Liqasında iki komandamızın qrup mərhələsində iştirak etməsi, bundan başqa, cüdo, boks, güləş yarışlarında uğurlu göstərici belə deməyə əsas verir.
2. Ümumilikdə 1-2 federasiya xaric, qalanları öz işlərinin öhdəsindən layiqincə gəlməyə çalışdı. Bu yöndə AFFA, Güləş Federasiyası, Velosiped İdmanı Federasiyası və Cüdo Federasiyasını fərqləndirmək olar.
3. AFFA-dan Mikayıl Nərimanoğluna nə zaman zəng edib açıqlama, müsahibə almaq istəmişəm, hansısa bir məsələylə bağlı suallar ünvanlamışamsa, elə həmin an rahatlıqla bu istəyimə çatmışam. Cüdo Federasiyasından Elnur Əşrəfoğlu və Velosiped Federasiyasından Pərviz Musayevə də hansısa bir sual, sorğu ünvanladığımızda anında cavab almışıq. Düzdü, digər idman növləriylə bağlı da saytımızda xəbərlər yayımlanıb. Təəssüf ki, bu il onları "narahat" edə bilməmişəm.
Səbuhi Musayev, Qaynar.info:
1. 2015-ci il idmanımız üçün çox qarışıq mənzərəylə yadda qaldı. Ölkəni bürüyən iqtisadi böhran idmandan da yan keçmədi. Ayrı-ayrı federasiya və klublara dövlət qurumlarının rəhbərlik etdiyini nəzərə alsaq, pul qıtlığı idmanda aşkar şəkildə hiss olundu. Məsələn, götürək elə AFFA-nı. Qurumun büdcəsi azaldılıb. Çünki Rövnəq Abdullayevi bu dəqiqə AFFA-dan çox, başçılıq etdiyi Dövlət Neft Şirkəti düşündürür... Məsələdən uzaqlaşmayaraq qeyd edə bilərəm ki, 2015-ci il ilk növbədə qitədə ilk dəfə keçirilən Avropa oyunlarının Bakıda keçirilməsiylə yadda qaldı. Bu müddətdə Azərbaycanın belə tədbirləri yüksək səviyyədə keçirməyə layiq olduğu bir daha təsdiqləndi. İdmançılarımız isə ümumi sıralamada qonşu Rusiyadan sonra 2-ci oldular. Yunan-roma güləşi üzrə millimizin İranda dünya kubokuna sahib çıxması isə mənə möhtəşəm anlar bəxş etdi. Maraqlısı budu ki, güləşçilərimizin başında duran sima gördüyü işlə fayda verən iranlı Cəmşid Xeyrabadi idi. O, öz ölkəsində bizə qızıl medalları qazandırdı.
2015-ci ildə Hafiz Məmmədov kimi varlı bir insanın maddi çöküşünü izlədik. Onun əlindən əvvəl "Şeffild Uensdey" çıxdı, daha sonra öz doğma klubu "Bakı"nın maddi xərclərini ödəyə bilməyəcək səviyyəyə çatdı. Komandanın hazırda 1-ci divizionda oynaması hələ də adama inandırıcı gəlmir. Artıq "Lans"dan əlini üzən Məmmədovun "Bakı"sı 1-ci dəstədə də problemlərlə üzləşib və bundan belə qənaətə gəlmək olar ki, bu komandanın mövsümün sonunda elitaya qayıdışı şübhə doğurur.
2015-ci ildə millimizin futbol oynaya bildiyini xatırlaya bildik. Bunu da Robert Prosineçki etdi. O öz gəlişiylə alman qoca Berti Foqtsun ünvanına söyüşlərin yağdırılmasına və bu müddətdə onu saxlayan AFFA rəhbərliyinin əsaslı tənqid olunmasına səbəb oldu.
"İnter"in sabiq fəxri prezidenti Cahangir Hacıyevin istintaqa cəlb olunması ilə "İnter" kimi iki dəfə Azərbaycan çempionu olmuş klubun maddi çətinliklərlə üzləşdiyini, buna baxmayaraq, qısa müddətə yığılan bu komandanın tarixində ilk dəfə iki mərhələ keçməsinin şahidi olduq. Bundan əvvəl isə Kaxaber Tsxadadzeni Gürcüstan millisinə yola saldıq.
2015-ci ilin maddi krizis fonunda iki klubumuzun Avroliqada çıxış etməsi də bizim üçün sürpriz oldu. Nəticədə "Borussiya" 2-ci dəfə Bakıya gəldi, "Tottenhem", "Anderlext" və "Monako" kimi komandaları paytaxtımızda gördük.
İlin gözəl yekunu isə taekvondo millimizdən gəldi. Komandamız Meksikada dünyada hamıdan yaxşı olduğunu isbatlaya bildi.
2. Azərbaycan Cüdo Federasiyasına rəhbərlik yenicə təyin olunub. Ona görə də onların işinə qiymət vermək hələ tezdi. Baxmayaraq, artıq Sadıq Sadıqovun federasiyaya vitse-prezident təyin olunmasından sonra cüdoda irəliləyiş beynəlxalq turnirlər zamanı hiss olunmağa başlayıb. Ancaq fikrimcə, ən yüksək qiymət Güləş Federasiyasına verilməlidi. Klassiklərimizin Tehrandakı uğuru bir yana, Avropa oyunları zamanı göstərilən nailiyyətlər də güləşdə dünyada sayılıb-seçilən ölkələrdən olduğumuz sübut olundu. Daha sonra idmançılarının göstərdikləri nəticələrə görə, boks, karate və taekvondo federasiyalarını da fərqləndirə bilərəm.
3. Açığı, daha çox futbol sahəsi üzrə ixtisaslaşdığımdan, digər idman növlərinin mətbuat xidmətlərinin rəhbərləriylə o qədər də ünsiyyətdə olmuram. Ancaq bununla belə, sosial şəbəkədə öz səhifələrini daim yenilədiklərinə, mətbuatı informasiya ilə təchiz etdiklərinə görə Güləş Federasiyasından Mayis Musayevin və Boks Federasiyasından Elnur Məmmədlinin əməyini qiymətləndirməyə bilmərəm.
Asəf Zeynallı, Dsport.az:
1. Ümumiyyətlə, 2015 deyəndə, ilk Avropa oyunları ön plana çıxır. İdmançılarımız həm Bakı-2015-də, həm də digər mötəbər turnirlərdə uğurlu çıxışları ilə yadda qaldılar. Futbolda isə "Qəbələ"nin ilk dəfə, "Qarabağ" ardıcıl ikinci dəfə Avropa Liqasının qrupunda oynaması, Azərbaycan millisinin Robert Prosineçkinin rəhbərliyi altında məzmunlu oyun sərgiləməsi diqqət çəkdi.
2. Güləş Federasiyasını fərqləndirərdim.
3. Güləş Federasiyası, AFFA.
Emin Abbasov, Sportal.az:
1. Sizin sorğunuzu cavablandırmağım bir qədər çətin görünür. Çünki mən daha çox futbol analitik yazarı kimi fəaliyyət göstərirəm, nəinki idman jurnalisti.
2. 2015-ci il idmanımız üçün Avropa oyunlarıyla əlamətdar olub ki, həmin yarışda uğurlu çıxış etdik. Avropa oyunlarındakı nəticələrə baxsaq, güləş, taekvondo, karate federasiyalarını fərqləndirmək olar.
3. Heç bir federasiyanın mətbuat katibiylə əlaqə saxlamıram, bu baxımdan bu suala ümumiyyətlə cavabım yoxdu.
Rahib Səmədov, “Olimpiya dünyası” qəzeti:
1. Təbii ki, ilin ən önəmli idman hadisəsi Bakıda keçirilən Avropa oyunları oldu. 19 idman növündə mübarizə aparan idmançılarımız yüksək nəticələrə imza atdılar. Bu, mötəbər turnirin yekun cədvəlində də öz əksini tapdı. Medalçılar sırasında Rusiyadan sonra ikinci pilləni tutduq. Bundan başqa, yunan-roma güləşi üzrə milli komandamızın dünya kubokunun qalibi olması da diqqətçəkən məqamlardandı.
Futbolda isə daha çox “Qarabağ” və Qəbələ” klubları diqqət mərkəzində oldu. Hər iki təmsilçimiz Avroliqada uğurlu çıxış edərək azarkeşlərimizi sevindirdi. “Qarabağı”ın isə son anda pley-offdan kənar qalması təəssüfləndirici məqamlardandı.
2. Güləş və velosiped idmanı federasiyalarının işini qənaətbəxş hesab edirəm.
3. Üçüncü sualda isə federasiya deyil, Peşəkar Futbol Liqasının mətbuat xidmətini fərqləndirərdim. Bu il onlar daha operativ işlədi.
Emin Tarverdiyev