Ölkə başçısı oyunlara hazırlıqla bağı nikbin fikirlər söyləyib.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Ölkə başçısı və və Milli Olimpiya komitəsinin prezidenti tədbirin sonunda çıxışında Bakı-2015 Avropa Ounları ilə bağlı da nikbin fikirlər söyləyib.
"Nəhayət, biz artıq bu il birinci Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyuruq. Bütün işlər cədvəl üzrə gedir. Bu yaxınlarda Avropa Olimpiya Komitəsinin prezidenti və Koordinasiya Komitəsi Bakıda idilər. Bakıda hazırlıqla bağlı gedən işlərə çox yüksək qiymət verdilər. Bütün idman obyektlərində tikinti işləri gedir. Olimpiya Stadionu, Su İdmanı Sarayı, Gimnastika Arenası, Atıcılıq Mərkəzi tikilir, digər obyektlərdə təmir işləri aparılır, yollar çəkilir. İdmançılar üçün Olimpiya Şəhərciyi demək olar ki, hazırdır. Yəni, biz hazırlıq işlərini davam etdiririk, aparırıq.
Bir daha demək istəyirəm ki, biz bu Oyunları Olimpiya Oyunları səviyyəsində keçirmək istəyirik. Bəziləri bilmirlər ki, bu Oyunlar həm idman növlərinin və həm də idmançıların sayına görə Olimpiya İdman Oyunlarına çox yaxındır. Hazırlıq və tikinti baxımından Qış Olimpiya Oyunlarından daha böyükdür. Bizdə gələn il yarışacaq idmançıların sayı Qış Olimpiya Oyunlarında idmançıların sayından 2 dəfə çoxdur. Ona görə bu böyük bir sınaqdır, böyük bir çağırışdır. Nəzərə alsaq ki, Yay Olimpiya Oyunlarına hazırlıq müddəti 7 ildir, bizdə isə cəmi 2 il yarımdır. Ancaq biz güclü dövlətik, bizdə bütün işlər düzgün təşkil olunur və həll edilir. Güclü siyasi iradə, texniki imkanlarımız vardır, səfərbərlik təmin edilibdir. Yəni, bu Oyunları biz elə keçirəcəyik ki, bu, gələcək Olimpiya Oyunları üçün də nümunə olsun. Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir. İlin sonuna qədər görüləsi işlər çoxdur. Bu işləri görmək üçün sizin hamınıza uğurlar arzu edirəm.
Sağ olun!