Görüşdə hazırlıq işlərindən danışılıb
Azəraycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi, Bakı-2015 Avropa Oyunları təşkilat komitəsinin 9 növ üzrə yarış meneceri İris Vlahovtsikov ilə görüş keçirib. 2015-ci ildə bu mötəbər yarışa hazırlıqla bağlı görüşdə AMKF-in prezidenti Yaşar Bəşirov, l vitse-prezident İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov, federasiyanın baş katibi Mir-Cabbar Seyidov, katib Aydan Zeynalova və Media katibi Sənan Məhərrəmov iştirak ediblər.
Y.Bəşirov qonağa Azərbaycan karatesinin beynəlxalq uğurları ilə bağlı ətraflı məlumat verib. O, Dünya Karate Federasiyası (WKF) və Avropa Karate Federasiyasının (EKF) prezidenti Antonio Espinosun Bakı-2015 l Avropa oyunları ilə bağlı artıq 2 dəfə ölkəmizə səfər etdiyini və apreldə WKF təşkilat komitəsinin sədri K.Esteban və EKF-in baş katibi S.Selanla birgə növbəti səfərin gözlənildiyini bildirib. İ. Vlahovtsikov və federasiya rəhbərliyi qarşıdakı mötəbər yarışla bağlı müxtəlif müzakirələr aparıblar.
Xatırladaq ki, Bakı-2015 l Avropa oyunlarında karate yarışları 13-14 iyun tarixlərində “Crystall hull” idman-konsert kompleksində keçiriləcək. Kişilər -60, -65, -75, -84 və +84 kq çəki dərəcələrində, qadınlar isə -50, -55, -61, -68 və +68 kq çəki dərəcələrində yarışacaqlar.