Böyüklərdən ibarət milli komandamız daha bir Premyer Liqa turnirinə yollanır. Dünya Karate Federasiyasının (WKF) Premyer Liqalar seriyasından yanvarda "Open De Paris"dən 2 bürünc medalla dönən karateçilərimiz bu dəfə Hollandiyanın Almere şəhərndə "Lotto Dutch Open"ə qatılacaqlar.
Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov və onun köməkçisi, böyük məşqçi Rəşad Hüseynov kumite yarışlarında 16 idmançının iştirak etməsinə üstünlük verib. -60 kq-dək çəki dərəcəsində 7 idmançı - Firdovsi Fərzəliyev, Jeyhun Mustafayev, Rüstəm Mədətov, Süleyman Hətəmov, Tural Ələkbərli, İsmayıl Quliyev və Musa Səfərov tatamiyə çıxacaq. -67 kq çəkidə 4 karateçi - Niyazi Əliyev, Rafiz Həsənov, Tural Ağalarzadə və Sənan Əliyev, -75 kq çəki dərəcəsində isə Rafael Ağayev döyüşəcək. Ayxan Mamayev ilə Pənah Abdullayev -84 kq çəkidə, komandanın kapitanı Şahin Atamov, Orxan Heydərli və Əli Cəfərov isə +84 kq çəki dərəcəində mübarizə aparacaqlar.
Qadınların yarışında Nuranə Əliyeva və Şəhrun Yusifova (hər ikisi -50 kq), eləcə də İlahə Qasımova (-55 kq) kumite yarışlarına qatılacaqlar. Kata üzrə böyük məşqçi Vahid Ayvazov 2 idmançıya - Tural Balcanlı ilə Ədilə Qurbanovanın nəticə göstərəcəklərinə inanıb. Premyer Liqada beynəlxalq hakimlərimizidən Şahin Xudaverdiyev ilə Rənad Əliyev də iştirak edəcəklər. Yarış zalından federasiyanın rəsmi saytına və "Facebook" səhifəsinə operativ mətn, foto-yayım, həmçinin video reportajlar hazırlamaq üçün Media və İctimaiyyət ilə işlər katibi Sənan Məhərrəmov turnirə ezam olunub.
12 fevral tarixində Hollandiyaya yola düşən heyət 5 gün sonra Bakıya qayıdacaq.