Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

"Olimpiya ümidləri" beynəlxalq yubiley turniri keçiriləcək

A+ a-
27 Sentyabr 2019 17:57

27-29 sentyabr tarixlərində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş "Olimpiya ümidləri" ənənəvi beynəlxalq turnir keçiriləcək. Bu dəfə yarış, 6-13 yaşlı uşaqlar arasında təşkil olunacaq.

     Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini icmasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək.

28 sentyabr saat 16:00-da turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət olunacaq. Yarışda 10-dan artıq ölkədən 1000-dək idmançının iştirakı gözlənilir. 

Ölkəmizdə multikulturalizmin, tolerantlığın qorunması, gənclərimizdə hərbi vətənpəvərlik ruhunun yüksəldilməsi, Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın döyüş yolunun təbliği məqsədilə belə beynəlxalq idman tədbirlərinin keçirilməsi artıq ənənəyə çevrilib.

Xatırladaq ki, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin ildönümü ərəfəsində ordumuzun aprel zəfərinə və Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş karate üzrə  Sumqayıt şəhər birinciliyi və 2017-ci ildə Beynəlxalq Şotokan Karate-Do Təşkilatı Azərbaycan filialının V açıq çempionatı keçirilib. Ötən il isə Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş Qara dəniz və Xəzəryanı ölkələr arasında karate üzrə beynəlxalq turnir keçirildi və bu yarış Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Karate Federasiyasının təqvim planına salınaraq, hər il keçiriləcəyi nəzərdə tutulub.

                    

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun döyüş yolu barədə qısa məlumat   

     1991-ci ilin oktyabrında könüllü olaraq milli ordu sıralarına yazılan yəhudi əsilli 23 yaşlı A.Aqarınov ömrünün ən gözəl çağında silaha sarılaraq, doğma Vətəni Azərbaycanın, Qarabağın, Şuşanın müdafiəsinə qalxıb. Qarabağ, Şuşa uğrunda gedən döyüşlərdə qeyri-adi qəhrəmanlığı ilə ad-san qazanıb. Hələ sağlığında vətənpərvərliyi, cəsurluğu, qorxmazlığı ilə bütün Azərbaycanda şöhrət tapan Albert döyüşçü dostları onu böyük hörmət və ehtiramla “Şuşanın əfsanəsi” adlandırıblar.

A.Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub. O, Suraxanı rayonu 154 saylı orta məktəbdə səkkizinci sinfi başa vurub təhsilini texniki-peşə məktəbində davam etdirir. Albert birada sürücü-mexanik ixtisasına yiyələndikdən sonra Gürcüstan Respublikasının Axalkalaki rayonunda yerləşən Sovet ordu hissələrindən birində starşina rütbəsində tank komandiri kimi hərbi xidmət keçir. Ordudan tərxis olunan Albert Suraxanı Maşınqayırma zavodunda işləyir. Albert Qarabağ müharibəsinin başladığı ilk vaxtlardan qaynar nöqtədə - Şuşada 533 saylı tanka komandir təyin edilir. Şuşa, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edir. Erməni yaraqlılarını dəfələrlə pərən-pərən salır, düşmənin onlarla canlı qüvvəsini və çoxlu sayda hərbi texnikasını məhv edir. 1992-ci il mayın 8-də Şuşa-Laçın yolunda gedən ağır döyüşlər zamanı döğulub böyüdüyü və canından artıq sevdiyi doğma Vətəni Azərbaycan torpaqları uğrunda qəhrəmancasına şəhid olur.

A.Aqarunov Azərbaycan Respublikası Prezidentinin 833 saylı fərmanı ilə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib

Vaxtilə təhsil aldığı Suraxanı rayon 154 saylı orta məktəb bu gün qəhrəmanın adını daşıyır. Məktəbin önündə büstü qoyulub. Suraxanı rayonunda vaxtilə yaşadığı binaya və eyni zamanda ata-baba yurdu “Qırmızı qəsəbə” deyilən ərazidə xatirə lövhələri vurulub. Qəhrəmanın adının əbədiləşdirilməsi məqsədilə Bakı şəhəri Nərimanov rayonu ərazisindəki küçələrdən birinə onun adı verilib.

 Qəhrəmanın adını daşıyan küçədə abidəsi ucaldılıb. Həmin abidənin oktyabr ayında açılşı nəzərdə tutulub. Dağ Yəhudiləri Dini İcmasının və “Dədə Qorqud” Milli Fondunun birgə layihəsi əsasında “Albert Aqarunov” mükafatı təsis olunub. 

Şuşanın fəxri vətəndaşı adlandlrılan A.Aqarunov təkcə yəhudi xalqının deyil, həm də Azərbaycan xalqının oğludur. Onun adı hər iki xalqın qəlbində əbədi yaşayacaq. Albertin qısa, lakin şərəfli ömür yolu Azərbaycan gəncliyinə hər zaman örnəkdir.