Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Əksər karateçilər dünya reytinqində mövqelərini möhkəmlətdilər

A+ a-
12 Iyun 2018 16:17

     Karateçilər İstanbulda Premyer Liqa turnirində medalsız qalsalar da, qarşıya qoyulan digər vəzifənin öhdəsindən gəliblər. 

     Bu fikirdə olan milli komandanın məşqçiləri Şahin Xudaverdiyev (kişilər), Anar Allahverdiyev (qadınlar) və Vahid Ayvazov (kata), həmçinin böyük məşqçi Qurban Tağıyev bir sıra amillərin nəticəyə böyük təsir etdiyini söyləyib. Məşqçilər bildirib ki, mayın ortalarında Serbiyada Avropa çempionatında uğurlu çıxışdan sonra yorğunluq, bərpa olunmaq üçün istirahət müddəti, eləcə də hazırlıqlar üçün vaxt az olduğundan yarışda yüksək nəticənin olmayacağı müəyyən qədər gözlənilən idi. 

     Bu amillərə Karate1 Premyer Liqasında böyük uğur qazanan Asiya komandalarından Yaponiya, İran, Çin Taypeyi və digər ölkələr yaxın zamanlarda qitə çempionatında iştirak edəcəyindən onların yüksək idman formasında olmaları da yekunda təsirsiz ötüşməyib. Buna başxmayaraq idmançılarımız qarşıya qoyulan daha bir tapşırığın, dünya reytinqində son durumlarını dəstəkləməyin öhdəsindən gəliblər. Hətta bəzi karateçilərimiz reytinq səviyyələrini artırmağa da nail olublar.

     Mütəxəssislərin də qeyd etdiyi kimi, Karate1 Premyer Liqa turnirlərində əsas vəzifə dünya reytinqi xallarının artırılmasına çalışmaqdır. Belə ki, hər qələbə əlavə reytinq xalları qazandırır. Tural Ağalarzadə (-67 kq) və İrina Zaretska (-68 kq) yarımfinalda məğlub olub. Təsəlliverici görüşlərə qatılan beş karateçimizdən T.Ağalarzadə, Rafiz Həsənov (-67 kq), İ.Zaretska, həmçinin kata milli komandası bürünc medal uğrunda həlledici görüşdə qələbəni əldən verərək beşinci yeri tutub. Hakim haqsızlığı bu dəfə də idmançılarımızdan yan ötməyib. Şahin Atamov (+84 kq) və Turqut Həsənov (-84 kq) isə mükafatçılar arasına düşə bilməyib. 

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib. Beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimova isə bu nüfuzlu turnirin final görüşlərini idarə etmək kimi məsul vəzifə həvalə olunub. 

     63 ölkədən 607 idmançının iştirak etdiyi Karate1 Premyer liqasının beşinci mərhələsindən qayıdan milli komandamızın növbəti yarışı, avqustda İranda beynəlxalq Urmiyə kuboku turniri olacaq. 

 

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov