Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İdmançı və mütəxəssislərə dövlət mükafatları təqdim edilib

A+ a-
15 Mart 2022 14:55

     Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirilir ki, Martın 15-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif edilmiş idmançıların mükafatlandırılma mərasimi keçirilib. Tokio 2020 Yay Olimpiya və Paralimpiya oyunlarında mükafat qazanmış Azərbaycan idmançılarının və məşqçilərinin təltifetmə mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər. Tokioda uğur qazanmış idmançıları yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək onlara qarşıdakı yarışlarda, xüsusən də Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarında uğurlar arzulayıblar.

     Sonra gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif edilmiş idmançı və məşqçilərə müvafiq dövlət mükafatlarının medal və vəsiqələrini təqdim edib.
     Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2021-ci il tarixli və 6 sentyabr 2021-ci il tarixli sərəncamları ilə Tokio Olimpiadasında qazandıqları uğurlara görə 7 nəfər “Vətənə xidmətə görə” ordeni, 2 nəfər “Əmək ordeni”, 7 nəfər “Tərəqqi” medalı, 5 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bundan başqa, Paralimpiya oyunlarındakı yüksək nəticələrə görə 4 nəfər “Şöhrət” ordeni, 14 nəfər “Vətənə xidmətə görə” ordeni, 3 nəfər “Əmək ordeni”, 3 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 11 nəfər isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

     Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, kumite üzrə qadınların baş məşqçisi Denis Morozov və kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, AMKF-in İdarə heyətinin üzvü Füzuli Musayev “Tərəqqi” medalı ilə,  Tokio Olimpiadasının gümüş mükafatçıları Rafael Ağayev və İrina Zaretska isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.