Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər olimpiya lisenziyalı turnirdə

A+ a-
08 Iyun 2021 17:30

Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələr qazanmaq üçün Fransanın paytaxtı Parisdə olimpiya lisenziyalı turnirdə iştirak edəcəklər. Bu məqsədlə milli komanda artıq Parisdədir. 

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 6 idmançıdan başqa vitse-prezident Rəhman Hətəmov, kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçi Şahin Xudaverdiyev, qadınların baş məşqçisi Denis Morozov, kata üzrə baş məşqçi Vahid Ayvazov, həmçinin beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov yer alıb. 

Olimpiya vəsiqələri uğrunda Firdovsi Fərzəliyev (-67 kq), Asiman Qurbanlı (+75 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), eləcə də Roman Heydərov və Neda Rezai (hər ikisi kata) mübarizə aparacaq. 

Tokio Olimpiadasını idarə etməyə seçilən 15 hakimdən biri, Avropa Hakimlər Komitəsinin (EKF) üzvü Cahangir Babayev Dünya Karate Federasiyası (WKF) tərəfindən xüsusi dəvətlə yarışda hakimlik edəcək.

11-13 İyunda Parisdə lisenziya turnirində 98 ölkədən 500 karateçi olimpiya vəsiqələri uğrunda mübarizə aparacaq. "Pyer de Kubertyen" arenasında dairəvi sistemlə yarışın hər çəki dərəcəsində ilk üçlük olimpiya lisenziyaları qazanacaq.

Xatırladaq ki, Azərbaycan hələki Tokio Olimpiadasının karate yarışlarına 2 vəsiqə alıb. Tokio 2020-nin təsnifat mərhələsini uğurla dəf edən ilk 40 idmançının adları arasında İrina Zaretska (+61 kq) və Rafael Ağayevin (-75 kq) 3 rəqibi də artıq məlumdur.  

Qeyd edək ki, olimpiadada 80 karateçi yarışacaq, onlardan 60 nəfəri kumitedə, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq. 40 karateçidən başqa daha 24 idmançı 11-13 İyun tarixlərində Parisdə xüsusi olimpiya lisenziya turnirində vəsiqə qazanmağa çalışacaq.

12 əlavə olimpiya lisenziyası isə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Digər 4 karateçiyə olimpiya vəsiqələri Üçtərəfli komissiyanın dəvəti ilə təqdim ediləcək. Tokio Olimpiadasının karate yarışları 5-7 Avqustda Nippon Budokan mərkəzində keçiriləcək. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Paris, Fransa