Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Milli qəhrəman Albert Aqarunovun xatirə turniri keçirilib

A+ a-
24 Aprel 2017 15:27

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş 5-ci açıq Şotokan Karate-Do çempionatı keçirilib.

Azərbaycan Milli Karate Federasiyası və Beynəlxalq Şototkan Karate-Do Federasiyasının (SKİF) Azərbaycan nümayəndəliyinin Sumqayıt şəhər şöbəsinin birgə təşkil etdiyi xatirə turnirində respublikanın müxtəlif bölgəsindən 20-dən artıq klubun tərkibində 300-dən çox 5-17 yaşlı uşaq, yeniyetmə və gənc idmançılar iştirak edib.  

Turnirin təntənəli açılış mərasimində dövlət himninin ardından A.Aqarunov və digər şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. AMKF prezidenti Yaşar Bəşirov, Azərbaycan Kikboks Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, yəhudi əsilli millət vəkili Yevda Abramov, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Teymur Səmədov, Şuşa rayon İcra hakimiyyətinin başçısının müavini Əkbər Hacıyev, Dədə Qorqud fondunun prezidenti və Azərbaycan dünyası jurnalının baş redaktoru Eldar İsmayılov, Azərbaycanın ilk tank taborunun komandiri Hacı Əzimov, Azərbaycanda SKİF-in Sumqayıt şəhər filialının nümayəndəsi Mehman Əlirzayev, onun köməkçilər İndira Şəmsivari və A.Aqarunovun döyüş yoldaşı Vitaliy Hüseynov çıxış edərək belə xatirə turnirlərinin gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün əhəmiyyətindən danışıblar.

Natiqlər qeyd ediblər ki, dövlətimiz vətən uğrunda şəhid olan igid döyüşçülərimizin xatirəsini hər zaman əziz tutur. Yəhudi icmasının rəsmiləri Azərbaycan torpaqları uğrunda canlarını fəda etmiş A.Aqarunovun timsalında bir daha ölkədə yüksək tolerantlıq nümunəsi gördüklərini bildiriblər.  

Rəsmi hissədən sonra xüsusi təyinatlılar qismində yeniyetmələrin, eləcə də azyaşlı idmançıların hərbi əlbəyaxa döyüş və nümunəvi çıxışları olub. Sonra yarış digər çəkilərdə mübarizə ilə davam edib. Mükafatçılara medal və diplomlar təqdim edilib. Təşkilatçılar gələn il bu xatirə turnirini beynəlxalq səviyyədə keçirilməsinə qərar veriblər.  

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov