Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Rabat Premyer Liqasında qızıl medallar qazandıq

A+ a-
18 Aprel 2017 18:01

     Rafael Ağayevlə (-75 kq) Ayxan Mamayev (-84 kq) Mərakeşin paytaxtı Rabatda Karate 1 Premyer Liqasının qalibi olublar. 

     Dünya Karate Federasiyasının (WKF) növbəti nüfuzlu turnirində 8 nəfərlik heyətdən Asiman Qurbanlı (+84 kq) ilə İrina Zaretska (-68 kq) bürünc medal uğrunda döyüşlərdə qələbəni əldən veriblər. A.Qurbanlı yarımfinalda misirli idmançı ilə görüşdə hakim haqsızlığı üzündən, İ.Zaretska isə ardıcıl qısa fasilələrlə səfər turnirlərində iştirak etdiyindən yüksək nəticə göstərə bilməyiblər. Tural Ağalarzadə (-67 kq) təsəlliverici görüşlərdə Tunisli idmançı ilə döyüşdə hesabda irəli olsa da, ağır zədə aldığından məğlubiyyətlə barışmalı olub.

     Bu mötəbər yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçisi Seymur Hüseynovla birgə heyətin əsas üzvləri, eləcə də qadınlardan digər legionerimiz Dorota Balciarova (kata) tatamiyə çıxıb. Federasiyanın Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevə tatami menecerinin köməkçisi, videotəkrarlara məsul hakim və kata və kumitedə final döyüşlərini idarə etmək kimi turnirin ən məsuliyyətli işləri həvalə olunub.

     Azərbaycanın Mərakeş krallığında səfiri Tarik Əliyev idmançılarımızı dəstəkləmək məqsədilə yarışları izləyib. Federasiyanın 1ci vitse-prezidenti və milli komandanın baş məşqçisi vəzifəsini icra edən Rəhman Hətəmov rəhbərlik və heyət adından səfirə təşəkkürünü bildirib.

     Beynəlxalq reytinq xalları verən bu nüfuzlu yarışa 34 ölkədən 384 idmançı qatılıb. Əsasən islam ölkələrinin idmançıları ilə görüşlər, karateçilərimiz üçün bir növ qarşıdakı 4-cü İslam Həmrəyliyi Oyunlarına sınaq yarışı olub.

     Premyer Liqa turnirinin son günü qala gecədə iştirakçı ölkələrə xatirə hədiyyələri təqdim edilib. WKF prezidenti Antonio Espinos mərasimdə R.Hətəmova Azərbaycan karateçilərinin hər zaman yüksək səviyyəli çıxışlarından məmnun olduğunu bildirib.  

     Artıq vətənə dönən karateçilərimiz 4-cü İslam Həmrəyliyi Oyunlarının 13-14 may tarixlərində karate yarışları üçün son hazılıqlara başlayacaqlar. Turnirə aid fotoalboma federasiyanın rəsmi "Facebook" səhifəsindən baxa bilərsiziniz.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Rabat, Mərakeş.