Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür

A+ a-
05 Mart 2015 13:25

     Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür.
     Bu tarix Azərbaycan Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
     Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyildir. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
     Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Biri-birinin ardınca istifadəyə verilən olimpiya idman kompleksləri bölgə idmanının inkişafında da mühüm rol oynayır. Hazırda bir çox rayonlarda belə gözəl idman kompleksləri inşa olunmaqdadır.
     Atlanta Olimpiadasında gənc Azərbaycan Respublikasının yığma komandası cəmi 1 medal, Sidney Olimpiadasında 3 medal qazandığı halda, Afinada idmançılarımızın qazandıqları medalların sayı 5-ə çatmışdır. Pekində 2008-ci ilin avqustunda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qələbələrini xüsusilə qeyd etmək lazımdır. Pekin Olimpiya Oyunlarında Azərbaycan 7 medal qazanmış və dünyanın 200-dən çox ölkəsi arasında 38-ci yeri tutmuşdur. Azərbaycan idmançıları London Olimpiadasında rekord sayda – 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışlar.
     2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. İyunun 12-dən 28-dək Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının proqramına 20 idman növü daxil edilib. On yeddi gün ərzində Avropadan 6 mindən çox idmançı yarışların mükafatları uğrunda mübarizə aparacaq. İdmanın 12 növü üzrə 2016-cı ildə keçiriləcək Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları üçün təsnifat imkanları yaradılacaq.

Azərbaycan Milli Karate Federasiyası ölkənin idman ictimaiyyətini təbrik edir, Azərbaycan idmanının daima inkişafında uğurlar arzulayır.